1. Başlanğıc
Eldar gözlərini açanda harada olduğunu və nəyin baş verdiyini başa düşmürdü. Bütün bədəni soyuq, ağrı və ağırlıq içərisində qovrulurdu. Açıq olsa da heç nəyi əks etdirməyən gözlərini qaranlıq sonsuzluğa doğru uzatmışdı. Lakin, görə biləcəyi heç bir şey yox idi. Sanki qaranlıq bir boşluğa düşərək sonsuzluğa doğru uçurdu. Bir müddət bu vəziyyətdə qaldıqdan sonra, çətinliklə ağır yük kimi hiss etdiyi dirsəklərini yerə dayayaraq bədənini qaldırıb, divara söykədi. Harada olduğunu xatırlamağa çalışırdı. Lakin, beynində dolaşan qarışıq fikirləri bir yerə toplayıb, harada olduğunu xatırlaya bilmirdi. Hərəkətsiz halda bir müddət divara söykəndikdən sonra, kürəyində artan ağrını hiss edərək yenidən uzanmağa çalışdı.
Belində dayanmadan artan ağrını azaltmaq üçün gah beli üstə, gah sağ yanı üstə, gah sol yanı üstə, gah da üzü üstə uzanaraq, bir müddət azalan, lakin sonra yenidən artan ağrını səngitməyə çalışırdı. Bir neçə dəfə təkrarlanan bu hərəkətlərdən sonra isə artıq neçə müddət idi ki, yerdə uzandığını unudan Eldar, var gücünü toplayaraq, ayağa qalxdı. Lakin, bu heç bir dəyişikliyə səbəb olmadı. Ətraf hələ də qaranlıq və dəyişilməz idi. Qaranlıq sonsuzluqda bilmədiyi bir istiqamətə addım atmaq istəsə də, bunun əksinə müvazinətini itirərək səndələdi. Bədənini bürüyən zəiflik hissi ondan əl çəkməyərək dizlərini qırır və əllərini yanlara uzadaraq tutunmaq üçün bir şey axtarsa da, soyuq və sürüşkən divardan başqa heç nəyə rast gəlmir.
Eldarı saxlaya bilməyən ayaqları onun iradəsindən çıxaraq tamamilə qatlanır və o, əvvəlcə çiyini, daha sonra isə başı ilə yerə dəyərək düşür. Zərbədən ağrını hiss etməsə də qulaqlarından başlayaraq, bütün beynini bürüyən nazik vıyıltı səsi ilə yeganə idarə edə bildiyi göz qapaqlarının da idarəsini itirərək bağlanmasına mane ola bilmir.
Eldar Gəncədə yaşayan ziyalı bir ailənin tək övladı idi. Bütün tək övladlar kimi o da ailənin daima maraq mərkəzində qalaraq böyümüşdü. Tək olsa da ata və anası onu ərköyün böyüməyə qoymamışdılar. Məktəb illərində cılız və sakit uşaq olduğundan, daima digərləri tərəfindən zarafat və məzəyə məruz qalar, bəzən əlindəkilər alınar, bəzən də digərləri tərəfindən döyülərdi. Lakin, bütün bunlara baxmayaraq o, heç zaman xasiyyətini, davranışını, istəklərini, düşüncələrini digər sinif yoldaşlarına oxşatmağa çalışmırdı. Yeganə məqsədi ona hər zaman evdə deyilən - Oxuyaraq, böyük adam olacaqsan! – sözlərinə əməl etmək idi.
Məktəb illərindən sonra, universitetə daxil olan Eldar, artıq əvvəlki kimi cılız, sakit və nəzərə çarpmayan deyildi. Uzun müddət üzgüçülüklə məşğul olduqdan sonra, artıq o cılız, zəif bədənli uşağı, 182 sm boylu, enli kürəkli, iri əzələli, ağ dərili, qara saçlı, iri qəhvəyi gözlü, uzun ayaqlı, cəlbedici bir gənc əvəz etmişdi. Bir zamanlar heç kəsin nəzərinə belə gəlməyən Eldar, gündən-günə qızların diqqətini daha da çox cəlb etməyə başlayırdı və qızlar artıq ondan əl çəkmirdilər. Ona isə qızların onu tanımadan, yalnız görünüşünə görə dəyər verməsi iyrənc gəlirdi. Şorgözlüyə heç zaman marağı olmayan Eldar, bir qızı çıxmaq şərti ilə digər bütün qızlara yalnız dost kimi yanaşırdı. Digərlərindən ayırdığı qız isə ona fikir belə verməyən, paralel qrupdakı Dəniz idi. İlk dəfə o, Dənizi heç vaxt başa düşmədiyi və hər zaman ən mənasız fənn hesab etdiyi fəlsəfə dərsində görmüşdü. Ona görə hər şeyin dərininə gedən və ona darıxdırıcı gələn bu dərsdə getməyən zamanı, yalnız Dənizə baxaraq keçirmək mümkün idi. Dəniz isə ona tərəf bütün bu dərslər ərzində bir dəfə də olsun çevrilib baxmamışdı. O, həmin dərsdə sanki daxili həyatını yaşayırdı. Həmin an onun ala gözləri bir başqa parlayırdı. Çox həzin, axıcı, bəzən isə hisslərə qapılaraq titrək səslə fikirlərini söyləyər, bəzən isə suallar verərdi.
Eldara Dənizi sevdirən əlamətlərin sayı hesabı yox idi. O, Dənizin iri ala gözlərinə, bəyaz dərisində bəzən qızaran yanaqlarına, kiçik burnuna, nazik uzun qaşlarına, qəhvəyi və çiyindən bir qədər uzun olan dalğalı saçlarına vurğun idi. Düz uzun ayaqları üzərində isə uzanan nazik beli onu yeriyərkən, sanki dünyanı durduraraq, tək hərəkət edən yeganə varlığa çevirirdi.
Dəniz qəribə qız idi. Aralarında sadəcə salamdan başqa heç nə olmasa da o, Eldarı dəyişdirirdi. Bildiklərinə güvəndiyi halda belə qabaqda oturmayan Eldarı, ən pis bildiyi fəlsəfə dərsində qabaq sıralarda oturmağa məcbur edən də məhz Dəniz idi. O, suallara cavab verə bilməyəcəyini bilə-bilə, Dənizə bir sıra arxada və iki-üç cərgə kənarda otururdu. Bütün bunun səbəbi isə sadəcə olaraq Dənizi görə bilmək idi. Eldara görə o, dünyanın ən gözəl qızı idi. Əslində də hər şey elə idi. Onun yanağındakı zənəxdan, gözlərindəki dərinlik, uzun kirpikləri, nazik balaca burnu, qan qırmızısı dodağı Dənizdən göz çəkməyi qeyri-mümkün edirdi.
Eldar bütün insanlarla, xüsusən də qızlarla rahat münasibət qura bilsə də Dənizlə hər şey fərqli idi. Onu görəndə boğazı düyünlənirdi və salamdan başqa heç bir söz deyə bilmirdi. Dostu Malik isə bu halını görəndə daima – A kişi, bax bu qıza yaxınlaşmasan, sənöl əlindən çıxacaq – deyərək gülürdü.
Hələ uşaqlıqdan bəri onunla dostluq edən Malik, sözün əsl mənasında civə idi. O qədər hündür olmayan boyu, bir qədər uzun qara qıvırcıq saçları, arıq bədəni, daima gülüşlə parlayan gözləri və səlis tez danışığı ilə o, istənilən şəraitdən, istənilən vəziyyətdən, hətta yanlışı olduğu vəziyyətlərdən belə ilan kimi qıvrılaraq çıxmağı bacaranlardan idi.
İlk tanışlıqları 15 il öncə, Malikin atası Əbdül bəyin işləri ilə əlaqədar olaraq Gəncəyə köçdükləri zaman baş vermişdi. Şəhərin mərkəzindən bir qədər aralı, sakit bir məhəllə axtararaq, onlar Eldar gilə qonşu olmuşdular. Dostluqları da elə o zamandan başlayaraq, bu günə kimi gəlib çıxmışdı. Məktəbdə eyni sinifdə oxuduqdan sonra, eyni universitetə də daxil olaraq dostluqlarına davam edirdilər.
Adəti üzrə bir müddət gözdən itərək, heç kəsin bilmədiyi məlumatları toplayaraq gələn Malik, o günlərdən birində yenə itərək – Eldar, sənə bir hədiyyəm var. – deyib, peyda oldu və ona kiçik bir kağız uzatdı.
Eldar səliqə ilə qatlanmış kağızı açdıqda, içərisinə səliqəli xətlə yazılmış 10 rəqəmli nömrə və altında Dəniz yazısını gördü.
- Mən olmasam batarsan – Malik kiçik gözləri ilə bic-bic hələ də çaş-baş qalmış Eldara baxaraq güldü. – Hə onu da deyim ki, bu nömrəyə görə Aytənə ətir söz vermişəm. Bundan istifadə edə bilməsən, onun pulunu səndən alacağam. – Deyərək qıraqdan keçən qıza göz vuraraq onun arxasınca getdi.
Eldar bir daha kağıza baxaraq həyəcandan əsən əlləri ilə axan gözlərini nömrələrə yönəltməyə çalışırdı. Qarışmış hissləri ilə hərəsi beyninin bir küncünə atılmış fikirlərini bir yerə toplamağa cəhd edirdi. Suyun üzərinə düşmüş boya kimi yaxılan nömrələr getdikcə qarışmağa başladı və o, yaşaran gözlərini yumaraq bunun bitməsini gözləməyə çalışdı.
– Eldar! Oyan! – Deyərək yaxınlaşan səs və addımlar Eldara gözlərini açdırdı. Bir saniyə öncə universitetin koridorunda olan Eldar, indi ağır nəfəs alaraq əlləri ilə gözlərini ovuşdurub, olduğu qaranlığın nə yer olduğundan baş açmağa çalışırdı. Qaranlıqda heç nə görməsə də ona yaxınlaşan addım səslərinə tərəf çevrilərək gözlərini qaranlığa zilləyib, addımların nəhayət ona çatmasını gözləyirdi ki, qaranlıqdan düz gözünə düşən işıq bir anlıq gözlərini qamaşdırdı. Eldar gözlərini qıyaraq koridordan düşən işığın şüaları arasındakı qaranlığa baxanda, anası Nübar xanımı gördü.
- Bala bu nədir? Səhər qatardan düşəndən bəri yatırsan. Dur görüm! Qalx! Qalx! Artıq axşamdır! Pərdələri də çəkib otağı lap zindan eləmisən. Gəl nahar eləməyə! Atan da gəlib. – Deyərək ona etiraz etməyə imkan verməyərək otağın işıqlarını yandırdı.
Nübar xanım orta boylu, arıq bədənli, çiyninə kimi olan qara saçlı, ağ dərili və çox xoş səsli bir qadın idi. Tək övladı olan Eldarın hər zaman nazı ilə oynasa da bəzən xoş xasiyyətini daxilən boğaraq yetərincə sərt olmağı da bacarırdı.
Eldar sərxoşlar kimi yırğalanaraq yerindən qalxıb, yatağın kənarında oturdu. Başı sanki onun deyilmiş kimi bədəninə ağırlıq verirdi və o, dirsəklərini dizinə dayayaraq başını əlləri arasına aldı. Gözlərini yerə zilləyərək yuxu sərsəmliyindən ayılmaq istəyirdi ki, cərəyan vurmuş kimi yerindən sıçrayıb, yatağını axtarmağa başladı. Qısa bir axtarışdan sonra, nəhayət ki, yatağın divar tərəfinə əlini soxaraq telefonunu dartıb çıxardı.
Malikin nömrəni verməsindən düz üç ay keçməsinə baxmayaraq o, hələ də Dənizə nə zəng etmişdi, nə də mesaj yazmışdı. Növbəti gün onunla göz-gözə gəlməkdən çəkinərək tətillərin başlamasını gözləmişdi. O, həyəcandan əsən əlləri ilə telefonun kilidini açaraq mesaj bölməsinə girdi və orada səhər yazdığı mesaja gəlmiş cavabı oxumaq istəsə də cavab yox idi. Orada sadəcə onun yazdığı sadə mesaj var idi. – Salam Dəniz. Necəsən? Eldardır. Səbəbini bilmirəm. Sadəcə yazdım.
Telefonun ekranını bir neçə dəfə aşağı, sonra isə yuxarı çəkdikdən sonra, yazdığı mesaja bir daha baxaraq öz-özünə – Axmaq! Ay axmaq! Bu nədir axı yazıbsan?! – deyib, otaqda o başa bu başa addımlayıb, özünü danlayır və – Mesajı belə yox, gərək başqa cür yazardım! – deyərək öz özünə danışırdı.
Ancaq artıq gec idi. Mesajın çatması haqqında məlumat da gəlib çıxmışdı. Beynində fırlanan mesaj cümlələri arasına girən Nübar xanımın səsi isə bu dəfə daha güclü və daha qəzəbli idi.
- Gəlirəm! – Deyərək nəhayət ki, Eldar fikirlərindən ayrılaraq telefonu yatağına atıb, aşağı doğru addımladı.
Mətbəxə çatanda artıq Nübar xanımla, Məcid bəy artıq süfrə arxasında oturaraq onun gəlməsini gözləyirdilər. Atasını görən Eldar gülümsəyərək ona yaxınlaşıb, uzun zaman görmədiyi Məcid bəyi qucaqladı. Məcid bəy də gülümsəmə ilə ona cavab verib – Necəsən? – dedi.
ConversionConversion EmoticonEmoticon